Ali təhsil müəssisələrinə builki qəbulun nəticələrinə əsasən, tələbə adını qazanan ən yaşlı abituriyentin 58 yaşı var.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, o, subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyi ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olub.
İNFOAZ.MEDİA-ya açıqlamasında Elbrus Hüseynov bildirib ki, çətinliklər səbəbindən ali məktəbə qəbul ola bilməmişəm: “Ondan sonra qərara gəldim ki, neçə yaşım olursa-olsun, yaşımın fərqi yoxdur, mütləq təhsil almalıyam, universitetə qəbul olmalıyam.
2 il bundan əvvəl, 56 yaşımda mühəndislik ixtisası üzrə kolleci bitirmişəm. Ali məktəbə qəbul olmağım isə bu ilə təsadüf etdi”.
Elbrus Hüseynov təhsilə hər zaman həvəsinin olduğunu bildirib: “Təhsilə həvəsim həmişə olub. Universitetdən sonra, inşallah, magistratura təhsili də alacam.
Üç nəvəm var. Xüsusilə onların təbriki məni çox sevindirdi. Universiteti bitirdikdən sonra həmin ixtisas üzrə işləyəcəm”.
Təbriz Dünyamalızadə
İNFOAZ.MEDİA
























