İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi nümayəndəsi şənbə günü bəyan edib ki, hərbçilər ölkənin siyasi rəhbərliyindən Livanın cənubunda hərbi əməliyyatları dayandırmaq barədə əmr alıblar.
Bu barədə məlumatı “AFP” agentliyi yayıb.
“İsrail Müdafiə Ordusu siyasi rəhbərlikdən atəşkəslə bağlı yenilənmiş göstərişlər alıb. Ordumuz qabaqlayıcı zərbələr endirmir, əksinə, Livanın cənubundakı təhlükəsizlik zonası daxilində müdafiə mövqeyində fəaliyyət göstərir. Bu müdafiə tədbirlərinə “Hizbullah” atəşkəs rejiminə riayət etməyəcəyi, qoşunlarımıza və ya mülki vətəndaşlarımıza zərbələr endirməyə davam edəcəyi təqdirdə cavab vermək hüququ daxildir”, – deyə ordunun rəsmi bəyanatında bildirilir.
Yeraltı tunellər şəbəkəsi aşkar edilib
Ordu rəsmisi qeyd edib ki, hərbçilər terror infrastrukturunun yerləşdiyi Tebnit bölgəsində əməliyyat keçiriblər:
“Buraya İsrail qoşunlarına və mülki əhalisinə birbaşa təhlükə yaradan geniş yeraltı şəbəkə daxildir. Hədəfə alınan infrastruktur “Hizbullah”ın, xüsusən də onun “Bədr” bölməsinin əsas qalası rolunu oynayır. Bu şəbəkə yerin altında bir kilometrdən çox dərinliyə enir və yüzlərlə kilometr məsafəyə uzanır”.
Livan rəsmilərinin məlumatına görə, İsrailin cümə və şənbə günləri həyata keçirdiyi hava zərbələri nəticəsində Livanda təxminən 100 nəfər həlak olub.
İsrail hərbçiləri isə öz növbəsində “Hizbullah”ın gecə ərzində İsrail qüvvələrinə tərəf 50-dən çox raket atdığını və son 48 saat ərzində Livanın cənubundakı döyüşlərdə 5 əsgərini itirdiyini bəyan edib.// Bizim.Media
























