Fransanın şimal-qərbində yerləşən Bretani bölgəsində müşahidə olunan güclü istilər elektrik təchizatında ciddi problemlərə səbəb olub.
Nəticədə təxminən 68 min ev elektrik enerjisiz qalıb.
Məlumata görə, Finister departamentində baş verən transformator nasazlığı elektrik kəsintilərinə yol açıb. Səlahiyyətli qurumlar texniki problemlərin aradan qaldırılması istiqamətində iş aparsalar da, bəzi ərazilərdə elektrik təchizatının qısa müddətdə bərpa edilməsinin mümkün olmadığı bildirilib.
Ölkədə davam edən anomal isti hava şəraiti səbəbindən bir sıra departamentlərdə yüksək təhlükə səviyyəsi elan olunub. Onlarla bölgədə qırmızı və narıncı xəbərdarlıq qüvvədədir.
İsti hava dalğası təhsil və nəqliyyat sahələrinə də təsir göstərib. Minlərlə məktəbin fəaliyyəti dayandırılıb və ya dərs cədvəllərində dəyişiklik edilib. Eyni zamanda, bəzi dəmir yolu marşrutlarında hərəkət məhdudlaşdırılıb.
Məlumatlara görə, ölkədə hökm sürən isti hava şəraiti nəticəsində bir neçə nəfər həyatını itirib.// Milli.az
























