Bizə belə azarkeşlər lazım deyil. Qələbə xətrinə komandanı dəstəkləyən azarkeş kimə lazımdır?
Bildiyimiz kimi, “Qarabağ FK” illərdir öz əziyyəti və zəhməti hesabına avrokuboklarda iştirak edərək uğurlu nəticələr göstərir. Onların bu çıxışı ölkə çempionatında digər komandalar arasında rəqabətin və intriqanın artmasına səbəb olub. Biz bunu dəyərləndirməyi bacarmalıyıq.
Qurban Qurbanov-un komandası son illərdə yüksək nəticələr göstərərək ölkəmizi, xalqımızı, hətta ən kiçik azarkeşi belə sevindirir. Bu, sadəcə futbol deyil, bu, qürur və fəxr hissidir.
Lakin bəzi azarkeşlərimiz var ki, Qarabağ məğlub olan kimi qarayaxma kampaniyasına başlayırlar, gah klubu, gah klub rəhbərliyini, gah da məşqçini günahlandırırlar. Qələbə qazanılanda isə eyni şəxslər yenidən ortaya çıxırlar.
Bu halı bugünkü oyunda da gördük. Rəqibin çox güclü heyətinə baxmayaraq, Qarabağ uğurlu oyun nümayiş etdirdi və hətta qol vurdu. Qeyd edək ki, söhbət UEFA Çempionlar Liqasının pley-off mərhələsindən gedir. Bura zarafat yeri deyil, Avropanın ən güclü klubları burada mübarizə aparır. Qarabağın bu mərhələdə çıxış etməsi Azərbaycan futbolu tarixində böyük uğurdur və biz bunu qiymətləndirməliyik.
Lakin gördüyümüz mənzərə məyusedici idi, komanda 4 top fərqi ilə geridə olarkən bəzi azarkeşlər stadionu tərk etməyə başladılar. Axı bu azarkeşlik deyil. Əgər sən klubu həqiqətən sevirsənsə, onun həm yaxşı, həm də çətin günündə yanında olmalısan.
Mən bu azarkeşləri sadəcə “uğur azarkeşləri” adlandırıram və susuram…
Orxan Məhərrəmov
























