Bir çox hallarda işçilər əlavə saatlarla işləsələr də, bunun qarşılığında lazımi ödənişi ala bilmirlər. Bu isə həm əmək hüquqlarının pozulmasına, həm də işçi ilə işəgötürən arasında narazılığa səbəb olur. Məhz buna görə də iş vaxtından artıq əməyə görə əlavə ödəniş məsələsi həm hüquqi, həm də sosial baxımdan aktual və həssas mövzu hesab olunur. Bu çərçivədə “İş saatından əlavə işləyən şəxslərə əlavə pul verilməlidir?” sualı maraq doğrur.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov İNFOAZ.MEDİA-ya açıqlama verib.
Onun sözlərinə görə iş vaxtından artıq işə cəlb olunan işçinin ilk növbədə öz razılığı tələb olunur:
“İşəgötürən işçini onun razılığı olmadan əlavə iş saatlarına cəlb edə bilməz (qanunla nəzərdə tutulmuş istisna hallar xaric). İş vaxtından artıq işin müddəti ardıcıl olaraq iki saatdan, həftə ərzində isə dörd saatdan artıq olmamalıdır. Bu saatlara görə işçiyə onun saatlıq əməkhaqqının ən azı iki misli məbləğində əlavə ödəniş verilməlidir. Bu münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir”.
Laçın Qafarova

























