“Wi-Fi texnologiyası radiotezlik dalğalarının sıxlaşması, bant genişliyinin məhdudlaşması və rəqəmsal təhlükəsizlik riskləri səbəbindən getdikcə daha böyük texnoloji təzyiqlə üzləşir. Bu problemlərin həlli kimi internetin radiodalğalarla deyil, işıq vasitəsilə ötürülməsini təmin edən Li-Fi (Light Fidelity) texnologiyası ön plana çıxır. Li-Fi işıq saçan diodların (LED) insan gözünün hiss edə bilməyəcəyi yüksək tezlikdə bərq vurması nəticəsində məlumatı görünən işıq spektri üzərindən ötürən optik kabelsiz rabitə sistemidir. Bu texnologiya Wi-Fi ilə müqayisədə yüz dəfələrlə daha yüksək data transferi sürəti təqdim edə bilər və radio spektrindən on min dəfə daha geniş bant genişliyinə malikdir”.
Bu fikirləri İKT üzrə ekspert Elvin Abbasov İNFOAZ.MEDİA-ya səsləndirib:
“Li-Fi texnologiyasının ən böyük üstünlüklərindən biri yüksək təhlükəsizlik və sıfır elektromaqnit maneə yaratmasıdır. Radio dalğaları divarlardan keçdiyi üçün Wi-Fi şəbəkələrinə kənardan müdaxilə riski hər zaman mövcuddur, lakin işıq divardan keçə bilmədiyi üçün Li-Fi siqnalı otaq daxilində tam izolyasiya olunur. Eyni zamanda bu sistem həssas tibbi cihazlara, təyyarə naviqasiyalarına və ya hərbi infrastruktura heç bir elektromaqnit mənfi təsir göstərmir. Bu səbəbdən Li-Fi xüsusilə məxfilik tələb edən maliyyə binalarında, xəstəxanalarda, təyyarələrdə və avtomatlaşdırılmış sənaye obyektlərində ideal rabitə vasitəsinə çevrilmək potensialına malikdir”.
Eksperti qeyd edir ki, Bununla belə, Wi-Fi texnologiyasının tamamilə sıradan çıxması və ya tarixə qovuşması yaxın gələcəkdə gözlənilmir.
“İşığın fiziki maneələri aşması mümkün olmadığı üçün şəbəkənin evin və ya ofisin bütün otaqlarına yayılması məqsədilə hər məkanın ayrıca LED işıqlandırma infrastrukturu ilə təchiz olunması lazımdır. Həmçinin günəş işığı və ya araya girən fiziki obyektlər işıq siqnalını kəsə bildiyindən, açıq havada istifadə müəyyən çətinliklər yaradır. Nəticə etibarilə, Wi-Fi dövrünün tam başa çatması deyil, gündəlik həyatımızda Wi-Fi və Li-Fi texnologiyalarının bir-birini tamamladığı hibrid rabitə modelinin formalaşması daha reallığa uyğundur”
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























