İtaliyanın keçmiş generalı Roberto Vannaccinin rəhbərlik etdiyi “Futuro Nazionale” partiyasının 300-dən çox üzvünün yer aldığı daxili yazışmalar sızıb.
İNFOAZ.MEDİA xəbər verir ki, La Repubblica-nın yaydığı məlumatlara görə, yazışmalarda Lombardiyadakı yerli partiya rəhbərləri də daxil olmaqla bəzi üzvlər tərəfindən antisemit, irqçi və nasist yönümlü ifadələrə yol verilib.
Mesajlardan birində ərəblərin “məhv edilməli” olduğu yazılıb. Digər mesajlarda yəhudilər haqqında ağır antisemit ifadələr işlədilib və Adolf Hitlerə rəğbət ifadə olunub.
Yazışmalarda partiyanın “hərbi tipli” təşkilatlanmasının vacibliyi vurğulanıb və konstitusiyaya zidd fəaliyyətə çağırışlar səsləndirilib.
Mesajlardan birində “Kimsə güc tətbiq etmək qərarına gələnə qədər tam hərəkətsiz qalacağıq” ifadəsi yer alıb. Başqa bir iştirakçı isə “Biz generalın əmrləri altındayıq! Gözləmə rejimində” yazıb.
Məlumata görə, sözügedən çatın administratoru İtaliya Senatının prezidenti İqnasio La Russanın uzunmüddətli əməkdaşı olub.
Roberto Vannaccinin rəhbərlik etdiyi “Futuro Nazionale” 2026-cı ilin fevralında yaradılıb və İtaliyada sağçı millətçi siyasi partiya kimi fəaliyyət göstərir.
Rauf
























