Türkiyənin İzmit rayonunda sakinlər dəmir tozundan gileylənirlər. Alikahya Atatürk məhəlləsində evlərin, avtomobillərin və küçələrin üzərinə çökən qara rəngli hissəciklər gündəlik həyatı çətinləşdirib. Sakinlər bildirirlər ki, dəmir tozu hər tərəfə yayılır, hətta süfrəyə qədər çatır.
İNFOAZ.MEDİA
Türkiyə mediasına istinadən xəbər verir ki, məhəllə sakinləri yaxınlıqda fəaliyyət göstərən paslanmayan polad fabriki – POSCO Assan TST-dən yayıldığını iddia etdikləri hissəcikləri səthlərdən maqnitlə toplamağa başlayıblar.
Sakinlərin sözlərinə görə, xüsusilə evlərin pəncərələri, eyvanlar, avtomobillər və küçələr qara tozla örtülür. Onlar hissəcikləri təmizləmək üçün maqnitlərdən istifadə edir, lakin problemin davamlı olduğunu bildirirlər.
Məhəllə sakini Tuqay Ataş uşaqlığının burada keçdiyini deyərək vəziyyətin illərdir davam etdiyini söyləyib.
“Burada ən azı 100-120 ev təsərrüfatı yaşayırdı. Evlərimizi və torpaqlarımızı bir-bir cüzi məbləğə alıb yerində fabriklər tikdilər. Fabriklər 2011-ci ildə qurulub və hazırda onlarla mübarizə aparırıq”, – deyə o bildirib.
Ataş dəmir tozunun evlərinin hər yerinə yayıldığını vurğulayıb:
“Evimdə hər yerdə dəmir tozu var. Oturduğum otaqda da, şam yeməyi üçün süfrə açanda süfrədə dəmir tozu olur. Hər yerdədir. Dəmir tozu həyatımın bir küncündə özünə yer tapıb”.
Sakin həmçinin yaranmış vəziyyətin sağlamlıqları ilə bağlı narahatlıq yaratdığını qeyd edib. Onun sözlərinə görə, atası əməliyyat keçirib və təmiz havaya ehtiyacı var:
“Ağciyərlərimizə yapışıb. Atam da xəstədir, əməliyyat olunub. Təmiz hava ilə nəfəs almalıdır, özünü qorumalıdır. Hər tərəfdən fabriklərlə əhatə olunmuşuq”.
Məhəllə sakinləri problemin araşdırılmasını, havaya yayılan hissəciklərin mənbəyinin müəyyənləşdirilməsini və ətraf mühitə təsirinin qiymətləndirilməsini tələb edirlər.
Beləliklə, bölgədə sakinlərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən maqnitlər vəziyyətin qeyri-adiliyini də ortaya qoyur: insanlar küçəyə yağışdan qorunmaq üçün deyil, dəmir tozunu toplamaq üçün maqnitlə çıxırlar.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























