image-tramp-yuxubackend

Tramp: “COVID-19-dan Bayden dövründə mənim prezidentliyimdən daha çox insan öldü”

ABŞ Prezidenti Donald Tramp COVID-19 pandemiyası ilə bağlı keçmiş administrasiya və ABŞ-nin sabiq baş infeksionisti Entoni Fauçi barədə sərt fikirlər səsləndirib.

İNFOAZ.MEDİA xəbər verir ki,  Tramp bildirib ki, COVID-19 səbəbindən Bayden administrasiyası dövründə onun prezidentliyi dövründən daha çox insan həyatını itirib.

O, vaksinlərin rekord qısa müddətdə hazırlanmasını təmin edən “Operation Warp Speed” proqramını “möhtəşəm uğur” adlandıraraq qeyd edib ki, bir çoxlarının fikrincə, bu, ABŞ prezidentinin həyata keçirdiyi ən uğurlu layihələrdən biridir.

Tramp vurğulayıb ki, bu proqramın həyata keçirilməsi zamanı Entoni Fauçinin mövqeyinə qarşı çıxıb. Onun sözlərinə görə, Fauçinin ideyaları “dəli saçması” idi.

ABŞ Prezidenti əlavə edib ki, pandemiyanın ilk günlərindən virusun Çinin Uhan şəhərindəki laboratoriyadan yayıldığını deyib, lakin Fauçi bununla qəti razılaşmayıb və daim Çini müdafiə etməyə çalışıb.

Tramp qeyd edib ki, Fauçi hələ 1980-ci illərdən dövlət xidmətində çalışırdı və o, Fauçini əvvəlki administrasiyadan miras almışdı. Lakin zaman keçdikcə ona etibarını getdikcə azaltdığını bildirib.

Onun sözlərinə görə, Fauçi bir çox yanlış qərarlar verib. Tramp xüsusilə maskalar məsələsini misal çəkərək bildirib ki, pandemiyanın əvvəlində Fauçi maskaların əleyhinə idi, daha sonra isə onların ən qızğın tərəfdarına çevrildi.

Tramp həmçinin deyib ki, Fauçi ölkənin tam bağlanmasını istəyirdi, lakin buna icazə verməyib. O, qərarların federal hökumət deyil, ayrı-ayrı ştatların qubernatorları tərəfindən verilməsini düzgün hesab etdiyini bildirib.

ABŞ Prezidenti respublikaçı qubernatorların pandemiyanı demokrat qubernatorlardan daha uğurla idarə etdiyini iddia edib.

Trampın sözlərinə görə, daha sonra hakimiyyətə gələn Co Bayden Fauçiyə geniş səlahiyyətlər verərək onu faktiki olaraq “kral”a çevirib. O bildirib ki, Baydenə zəng edərək Fauçinin ya vəziyyəti anlamadığını, ya da dürüst olmadığını söyləyib. Tramp qeyd edib ki, Bayden bu xəbərdarlığı müsbət qarşılasa da, buna uyğun addım atmayıb.

Sonda Tramp bildirib ki, Bayden Fauçiyə “böyük dağıdıcı səlahiyyətlər” verib və “qalanı isə tarixdir”.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki