Hindistanın “Akash-1S” hava hücumundan müdafiə sistemi Ermənistan Silahlı Qüvvələrinin arsenalında “Lusan” (“Vaşaq”) adı ilə aktiv istifadəyə verilib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ermənistan 2022-ci ildə imzalanan və təxminən 720 milyon dollar dəyərində olan müqavilə çərçivəsində 15 “Akash-1S” batareyası sifariş etməklə bu sistemin ilk xarici müştərisi olub.
İlk sistemlərin Ermənistana 2024-cü ilin noyabrında çatdırıldığı, ikinci partiyanın isə 2025-ci ilin iyulundan sonra təhvil verildiyi bildirilir.
“Akash-1S” təxminən 25–30 kilometr mənzili olan orta mənzilli yer-hava raket sistemidir. Sistem eyni vaxtda təxminən 60 hədəfi izləyə, onlardan 16-na qarşı eyni vaxtda fəaliyyət göstərə bilir. Onun təyyarə, pilotsuz uçuş aparatları və qanadlı raketlərə qarşı istifadə edilməsi nəzərdə tutulur.
Məlumata görə, Ermənistan daha uzun mənzilli “Akash-NG” sistemlərini də əldə etməyi nəzərdən keçirir.
























