image-aw770384-01-ln1zbackend

Burnu qırıldı, 4 dəfə əməliyyat olundu: “Hər əməliyyatdan sonra yeni bir burun çıxdı”

Türkiyənin Elazığ şəhərində yaşayan iki uşaq anası 41 yaşlı Aysun Alpsoyun burnu dörd il əvvəl işlədiyi özəl qayğı mərkəzində xəstə tərəfindən vurulması nəticəsində sınıb. Burnundakı zədəni aradan qaldırmaq üçün mərkəzin tövsiyəsi ilə plastik cərraha müraciət edən Alpsoy daha sonra dörd əməliyyat keçirib. Lakin onun sözlərinə görə, hər əməliyyatdan sonra vəziyyəti daha da pisləşib.

Alpsoy ilk üç əməliyyatı həkimin öz klinikasında, sonuncu əməliyyatı isə Elazığ Tibb Xəstəxanasında ümumi anesteziya altında keçirib. Sağalacağı ümidi ilə başladığı müalicə prosesinin onun üçün kabusa çevrildiyini deyən qadın əməliyyatlardan sonra burnunda ciddi deformasiya yarandığını bildirib.

Onun iddiasına görə, dörd il ərzində keçirdiyi dörd əməliyyata baxmayaraq, burnunda cırıq, yanıq izi və tikişlər qalıb. Həmçinin burun dəliklərinin bir-birinə nisbətdə qeyri-mütənasib olduğunu deyən Alpsoy insanların qarşısında danışarkən özünü narahat hiss etdiyini və bəzən üzünü çevirdiyini söyləyib.

“Hər dəfə fərqli bir burun ortaya çıxdı”

Aysun Alpsoy yaşadığı prosesi belə təsvir edib:

“Burnum sındıqdan sonra həkimə getdim. Burnumu dörd dəfə düzəltdirdi, amma heç bir nəticə əldə edə bilmədik. Hər dəfə fərqli bir burun ortaya çıxdı. Burnum düzəldilənə qədər qığırdaq eroziyası yarandı və burnum demək olar ki, ölmüşdü”.

Alpsoy sonuncu əməliyyatdan sonra vəziyyətin daha da ağırlaşdığını iddia edib. O bildirib ki, sarğı açıldıqdan sonra burnunun bir ucunun digərindən fərqli olduğunu və burnunun üst hissəsində yanıq izi yarandığını görüb.

“Burnumdakı yanıq heç vaxt keçməyəcək bir yanıqdır. Yanığım var, tikişlərim var. Altında necə bir cırıq əmələ gəldi? Burun dəliklərim də mütənasib deyil”, – deyə Alpsoy bildirib.

Qadının sözlərinə görə, həkim ona yenidən müalicə təklif edib. Lakin dörd əməliyyatdan sonra həkimə olan etimadını itirdiyini deyən Alpsoy pulunu geri istəyərək başqa yerdə əməliyyat olunmaq niyyətində olduğunu bildirib.

“Dörd əməliyyatdan sonra necə etibar edib yanına gələ bilərəm?”

Alpsoy həkimdən ödədiyi vəsaitin geri qaytarılmasını istədiyini, lakin bunun qəbul edilmədiyini deyib.

Qadının sözlərinə görə, ilk əməliyyat üçün tam qızıl sikkə, ikinci əməliyyat üçün yenidən qızıl, üçüncü əməliyyat üçün 7 min TL, sonuncu əməliyyat üçün isə təxminən 23-25 min TL ödəyib.

Aysun Alpsoy məsələ ilə bağlı həkimdən şikayətçi olduğunu və hüquqi müstəvidə mübarizə apardığını bildirib.

Qeyd edək ki, təqdim olunan məlumatlar Alpsoyun iddialarına əsaslanır. Tibbi müdaxilələrin nəticələri və həkimin məsuliyyəti ilə bağlı yekun qiymətləndirməni isə aidiyyəti ekspertiza və məhkəmə prosesi müəyyən edəcək.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki