Bakcell-dən şikayət: "Bir nömrədə internet açıq idi, digər nömrənin balansından pul çıxıldı"backend

Bakcell-dən şikayət: “Bir nömrədə internet açıq idi, digər nömrənin balansından pul çıxıldı”

Bakcell mobil operatorundan istifadə edən vətəndaş şirkətin xidmətindən narazılığını ifadə edib. O, internetdən yalnız bir nömrəsində istifadə etməsinə baxmayaraq, digər nömrəsinin balansından da vəsait çıxıldığını iddia edib.

İNFOAZ.MEDİA xəbər verir ki, bununla bağlı Emin Səfərov sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, iki mobil nömrəsi var – biri şəxsi, digəri isə iş üçün istifadə olunur. Şəxsi nömrəsində mobil interneti aktivləşdirdikdən sonra iş nömrəsinin balansından da ardıcıl şəkildə vəsait silinməyə başlayıb.

Emin Səfərov bildirib ki, 15-20 dəqiqə ərzində istifadə etmədiyi nömrənin balansından 7 manat çıxıldığını gördükdən sonra Bakcell-in müştəri xidmətləri ilə əlaqə saxlayıb.

Onun iddiasına görə, operator internet telefon üzərində aktiv olduğu halda, internet paketi olmayan digər nömrədən də internet istifadəsinə görə ödəniş tutulduğunu və bunun qarşısını almaq üçün xüsusi kod təqdim etdiyini bildirib.

Şikayətçi bu vəziyyəti “müştəri hüquqlarının pozulması” adlandıraraq, internet paketi olan nömrəsindən həm meqabayt sərf edildiyini, həm də ikinci nömrəsinin balansından əlavə vəsait çıxılmasının qəbuledilməz olduğunu vurğulayıb.

O, uzun illərdir Bakcell-in xidmətlərindən istifadə etdiyini qeyd edərək, baş verən hadisədən sonra operatoru dəyişməyi düşündüyünü bildirib. Eyni zamanda digər abonentləri də diqqətli olmağa çağırıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki