həbsbackend

Ukrayna SBU: 14 nəfərlik Rusiya agent şəbəkəsi ifşa edilib

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) F-16 və Mirage 2000 qırıcılarının yerləşdirildiyi hərbi aerodromlar barədə məlumat toplayan 14 nəfərlik Rusiya hərbi kəşfiyyatı (QRU/GRU) agent şəbəkəsinin fəaliyyətini dayandırdığını açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, SBU-nun məlumatına görə, şəbəkə üzvləri hərbi aerodromları, qırıcı təyyarələri, şəxsi heyəti və texniki xidmət əməkdaşlarını fotoşəkillərə çəkib, həmçinin təyyarələrin uçuş və eniş vaxtlarını izləyiblər. Toplanan məlumatların Rusiyanın hərbi kəşfiyyatına ötürüldüyü bildirilir.

Məlumata əsasən, şəbəkənin üzvlərindən biri Ukraynanın Lvov şəhərində yaşayan aviasiya mövzulu “Telegram” kanalının administratoru olub və daha 13 nəfəri cəlb edib. Onların bəzilərinin Rusiya xüsusi xidmətləri üçün işlədiklərindən xəbərsiz olduqları bildirilir.

SBU əməliyyat çərçivəsində bir neçə şübhəlini, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin hərbçisini saxlayıb. Saxlanılan şəxslərə qarşı Ukraynanın milli təhlükəsizliyinə qarşı cinayətlərlə bağlı ittihamlar irəli sürülüb. İstintaq davam edir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki