Bakcell istifadəçisi Mahir Müslümov sosial şəbəkə hesabında şirkətin “Games Abunəlik Bonus Paketi” xidməti ilə bağlı narazılığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Müslümov qeyd edib ki, ötən ay sözügedən xidməti aktivləşdirib, lakin xidmətin aylıq 2 manat ödənişli olduğunu bilməyib. Daha sonra Bakcell tətbiqinə daxil olaraq “Abunəliyi dayandır” düyməsindən istifadə edib və abunəliyin ləğv olunduğunu düşünüb.
Lakin onun sözlərinə görə, abunəlik dayandırılmayıb və 20 avqust 2026-cı il tarixində xidmət avtomatik yenilənərək balansından yenidən 2 manat tutulub.
Bakcell istifadəçisi bildirib ki, bundan sonra tətbiqə daxil olaraq abunəliyi yenidən dayandırmağa çalışıb. Ancaq “Abunəliyi dayandır” düyməsinə dəfələrlə basmasına baxmayaraq, tətbiq heç bir reaksiya verməyib.
Nəticədə o, Bakcell-in müştəri xidmətlərinə zəng etməyə məcbur qaldığını və təxminən 4 dəqiqə xəttdə gözlədiyini qeyd edib.
Müslümov əsas problemin 2 manat olmadığını vurğulayıb. Onun fikrincə, məsələ müştəriyə təqdim olunan xidmətin şəffaflığı və etibarlılığı ilə bağlıdır.
“Əgər tətbiqdə ‘Abunəliyi dayandır’ düyməsi var, mən həmin düyməyə basmışamsa, niyə abunəlik dayandırılmayıb və növbəti ay yenidən balansımdan pul tutulub?” – deyə o sual edib.
Bakcell istifadəçisi həmçinin şirkət haqqında müxtəlif platformalarda oxşar şikayətlərin yayımlandığını bildirərək, belə halların davam etməsinin artıq yalnız texniki nasazlıq kimi qiymətləndirilməməli olduğunu qeyd edib.
O, digər Bakcell istifadəçilərinə də tətbiqdə aktiv abunəliklərini yoxlamağı tövsiyə edib.
Mövzu ilə bağlı Bakcell-in mövqeyi məlum deyil. Şirkətin açıqlaması olarsa, təqdim ediləcək.
Orxan

























